Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
GÜLLƏLƏNMİŞ ŞƏHƏRİN GÜLLƏLƏNMİŞ SAKİNLƏRİ (Qasım Qırxqızlının nəşr olunmamış kitabından)

0


  • Xocalı faciəsi ağrı-acımız, tariximizin ibrət dərsidir bizə. Xocalı
    qırğını milli faciəmiz yox, milli yaddaşımız və tarixi dəyərimizdir. İnsan
    yarandığı gündən var-sərvət, torpaq uğrunda müharibələr etmiş, lakin Xocalıda
    törədilən qanlı faciələrin heç biri o müharibələrdə törədilməmişdir.1992-ci
    ilin 26 fevralı...

    Qarlı-çovğunlu qış gecəsi… Aylarla ocaqsız-odsuz, çörəksiz qalan xocalılar
    erməni qəsbkarları tərəfindən mühasirəyə alınmışdı. Dinc əhali çıxılmaz bir
    vəziyyətə düşmüşdü. Heç bir yandan kömək gəlmir, ərzaq qurtarıb, yollar isə hər
    tərəfdən bağlanıb. Aydın idi ki, Xocalı ölümə məhkum edilmişdi. Əgər o dövrdə
    Azərbaycana rəhbərlik edənlər istəsəydilər Xocalı qırğınının qarşısını alardılar.
    Lakin bunu etmədilər, nəticədə isə xocalılar amansız ölümə, ağır işgəncələrə
    məruz qaldılar.

    Xocalıya dörd istiqamətdən hücum edilmişdi, ancaq Əsgəran tərəfdən adi
    bir patron belə atılmamışdı. Bu isə onu göstərir ki, Əsgəranda ona görə nisbi
    sakitlik yaratmışdılar ki, əhali Ağdama getmək üçün Əsgəran səmtə üz tutacaq.
    Erməni hərbi birləşmələri təpədən-dırnağa qədər silahlanaraq bütün yolları,
    keçidləri tutmuşdular. Məqsədləri də bu yollarda xocalıları kütləvi qırğına
    məruz qoyub, Azərbaycanda qorxu xofu yaratmaq idi. Türk dünyasına qənim kəsilən
    ermənilər uşağa, qadına, qocaya baxmadan xocalıları vəhşicəsinə
    güllələyirdilər. Ölümdən, girovluqdan yaxa qurtarmaq istəyənlərin az bir
    hissəsi Ağdama gəlib çıxa bilmişdi.

    Soyuq-şaxtalı qış gecəsi... Qar aman vermədən yağır. Dinc əhali qaçaraq
    Kətik meşəsinə üz tuturlar. Meşə yollarını qar basdığına görə pərən-pərən
    düşmüş əhali yol tapa bilmir, ayaqyalın, başıaçıq şaxtalı havada sutkalarla
    meşədə dolanmağa məcbur olur, düşmənin pusqusuna düşərək məhv edilirdilər. Əsir
    götürülənlərə aman verilmir, döyür, söyür, təhqir edir, saatlarla ayaqyalın
    qarın üstündə, saxlamaqdan həzz alırdılar. Ermənilərin Xocalıda törətdikləri
    vəhşiliklərin analoqu yer kürəsində əsrlər boyu aparılan qanlı müharibələrin
    heç birində baş verməmişdir.

    Görəsən nə etmişdi binəva xocalılar ermənilərə? Bu qəddar düşmənçilik
    hissi necə yaranmışdı insanlıqdan uzaq olan ermənilərdə?! İllərlə qonşuluq
    etdikləri, bir süfrədə çörək kəsdikləri, ən yaxın dostluq etdikləri adamlara
    belə rəhm etmirdilər. Zamanın başqa zaman olduğunu, deyərək ən yaxından
    tanıdıqları xocalıları özləri güllələyirdilər.

    Nə idi bu güllələnən körpələrin günahı, İlahi?! Onlardamı erməniyə güllə
    atmışdılar? Yox, əsla belə deyildir. Ermənilərin davası torpaq yox, nahaq,
    günahsız insanların qanını tökmək idi və məqsədlərinə də nail oldular.

    Xocalı faciəsindən sağ çıxanların çoxu aldığı ağır yaralardan,
    keçirdikləri sarsıntılardan, çəkdikləri əzab və əziyyətdən dünyalarını vaxtsız
    dəyişdilər. Sağ qalanların isə hamısı xəstə və zəlil olmuşlardır.

    Dünya niyə susur? Törədilən bu vəhşilikləri görmürlərmi? Görürlər, lakin
    nədənsə haqqı nahaqqın ayağına verir, işğalçı ilə işğala məruz qalanı bərabər
    tuturlar. Nə vaxt isə haqq öz yerini tapacaq, cinayətkar ermənilər dünyanın
    haqq divanı qarşısında cavab verəcəklər. Atalar demişkən: “Nahaq qan yerdə
    qalmaz”.Xocalı soyqırımı Azərbaycan xalqının əzm və dəyanətini qırmadı, əksinə
    onun mübarizə əhval-ruhiyyəsini daha da artırdı.


    Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Xocalı
    faciəsinin əsil mahiyyətini açıqladı və öz qiymətini aldı. Xalqımız inanır ki,
    ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin
    yürütdüyü daxili və xarici siyasət nəticəsində biz torpaqlarımızı yağı
    tapdağından azad edəcək və doğma yurd-yuvamıza qayıdacağıq. 

    Qasım Qırxqızlı  - "Xocalının Səsi" qəzetinin redaktoru

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib107 dəfə
    GÜLLƏLƏNMİŞ ŞƏHƏRİN GÜLLƏLƏNMİŞ SAKİNLƏRİ Qasım Qırxqızlının nəşr olunmamış kitabından

    Maraqlı gələ bilər
    98
    80